Qonur ayı
Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı Avrasiya və Şimali Amerika materiklərini əhatə edir.
Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), Anadolu və Qafqaz daxildir. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir.
Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır.